Miras və İslam üçün AlHassanain Network Düşüncə

SÜFYANININ XÜRUC (QIYAM) ETMƏSI

0 Nəzərlər 00.0 / 5

A) Süfyaninin xüruc (qiyam) etməsi

Süfyaninin xüruc etməsinə çoxlu rəvayətlərdə işarə olunmuşdur. O, Əbu Süfyanın nəslindən olan bir nəfərdir ki, zühurdan azacıq öncə Şam diyarında qiyam edəcəkdir. O, cinayətkar bir adamdır və günahsız şiələri kütləvi şəkildə qırmaqdan heç bir qorxusu yoxdur. Öz düşmənləri ilə də faciəli şəkildə rəftar edəcəkdir. İmam Sadiq (ə) onu vəsf edərək buyurmuşdur: «Əgər Süfyanini görsən... insanlar arasında ən çirkin bir adamı müşahidə etmiş olarsan.»[1]

O, Rəcəb ayında qiyam edəcək sonra hücum edərək Şamı və onun ətraf məntəqələrini –İraqa qədər – öz ixtiyarına keçirəcək və orada kütləvi qırğınlara əl atacaqdır.

Bə`zi rəvayətlərdə qeyd olunur ki, onun qiyamı ilə qətlə yetirilməsi on beş ay çəkəcəkdir.[2]

B) Beyda çölündə qoşunun batması

Xəsf-yerə batmaq mə`nasınadır, Beyda isə Məkkə-Mədinə arasında olan bir məntəqənin adıdır.

Beydada baş verən xəsf dedikdə məqsəd budur ki, Süfyani bir qoşunu imamla mübarizə aparmaq üçün Məkkəyə tərəf göndərəcək, onun qoşunu Beyda çölünə çatan zaman mö`cüzəli şəkildə yerə batacaqdır. İmam Baqir (ə) bu barədə buyurmuşdur: «Süfyani ordusunun sərkərdəsinə xəbər çatacaqdır ki, Məhdi (ə) Məkkəyə tərəf getmişdir. Onun ardınca bir ordu göndərəcəkdir, lakin onu tapmayacaqlar... Süfyani ordusu Beyda çölünə çatan zaman asimandan bir nida edən şəxs belə deyəcəkdir: «Ey Beyda çölü, onları məhv et!» Bundan sonra səhra ordunun hamısını udacaqdır.»[3]

V) Yəmaninin xürucu

Yəmən ölkəsindən bir sərdarın qiyam etməsi zühur əlamətlərindən digər biridir ki, zühurdan azacıq öncə baş verəcəkdir. Saleh və mö`min bir şəxs olan Yəməni pisliklərin, azğınlıqların əleyhinə qiyam edəcək, və var-qüvvəsi ilə onlarla mübarizə aparacaqdır. Əlbəttə, onun hərəkat və tədbirlərinin dəqiq incəlikləri bizim üçün aydın deyildir.

İmam Baqir (ə) bu barədə buyurmuşdur: «Məhdinin qiyamından qabaq qaldırılan bayraqlar arasında Yəmaninin bayrağından da yaxşı hidayət edən bir bayraq yoxdur; çünki o, hidayət bayrağıdır və sizi sahibinizə (İmam Məhdiyə) doğru də`vət edir.»[4]

E) Asimani səs

Zühurdan qabaq baş verəcək əlamətlərdən biri də asimani «səyhə» qorxunc səsdir. Bə`zi rəvayətlərə uyğun olaraq Həzrət Cəbrail (ə) tərəfindən verilən bu asimani nida mübarək Ramazan ayında eşidiləcəkdir.[5] Həzrəti Məhdi (ə)-ın qiyamının dünya səviyyəli bir qiyam olduğuna və hamının onun gəlişini gözlədiyinə görə dünya xalqlarının bu hadisədən agah edilməsinin bir yolu da həmin asimani səsdən ibarətdir. İmam Baqir (ə) buyurmuşdur: «Qaimin qiyamı yalnız o zaman baş ki, asimandan bir münadı (nida edən şəxs) nida etsin, bütün məşriq və məğrib əhli onu eşitsin[6]

Bu asimani səs mö`minlər üçün bir sevinc bəxş edən səs olmaqla yanaşı, bəd əməl sahibləri üçün də bir növ ciddi xəbərdarlıqdır ki, öz çirkin işlərindən əl çəksinlər və dünya xilaskarının köməkçiləri dəstəsinə qoşulsunlar.

Bu asimani sədanın nədən ibarət olması barəsində müxtəlif rəvayətlər nəql olunmuşdur. O cümlədən imam Sadiq (ə) buyurur: «Asimandan nida edən bir şəxs Qaimin özünün və atasının adı ilə səs verər.»[7]

Ğ) Nəfsi Zəkiyyənin qətlə yetirilməsi

«Nəfsi Zəkiyyə» kamal həddinə çatmış» yaxud günahsız və pak bir şəxs mə`nasınadır ki, o, heç bir kəsi şəxsi qətlə yetirməmişdir. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi dedikdə məqsəd budur ki, İmam Məhdi (ə)-ın qiyamından azacıq öncə Həzrətin müxaliflərinin əli ilə bir görkəmli və günahsız şəxsiyyət qətlə yetiriləcəkdir.

Bu hadisənin nə vaxt baş verməsinə gəldikdə isə, bə`zi rəvayətlər də imam Məhdi (ə)-ın qiyamından on beş gecə öncə olacağı deyilir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: «Ali-Məhəmmədin Qaiminin qiyamı ilə Nəfsi Zəkiyyənin qətlə yetirilməsi arasında yalnız on beş gecə fasilə vardır.»[8]

Rəvayətlərdə digər əlamətlər də qeyd olunmuşdur ki, onların bə`ziləri budur: Dəccalın xürucu (çoxlu insanları yoldan azdıran çirkin və hiyləgər bir varlıq). Mübarək Ramazan ayında ayın və günün tutulması, fitnə-fəsadın aşkar olması və Xorasandan bir kişinin qiyam etməsi.

Qeyd etmək lazımdır ki, bu nişanələrin izahı və təhlil olunması müffəsəl kitablarda özünə yer almışdır.[9]



[1] Kamalud din, 2-ci cild, 57-ci bab, hədis 10, səh. 557

[2] Qeybəti Nömani, 18-ci bab, 1-ci hədis, səh. 310

[3] Yenə orada, 14-cü bab, 67-ci hədis, səh. 289

[4] Yenə orada, 13-cü hədis, səh. 264

[5] Yenə orada, səh. 262

[6] Yenə orada, 14-cü hədis, səh. 256

[7] Yenə orada, 10-cü bab, hədis 29, səh. 187

[8] Kamalud din, ikinci cild, 57-ci bab, ikinci hədis, səh. 554

[9] Biharul-ənvar, 52-ci cild səh 181-278

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə